CƏMİYYƏT
Vaxtında müdaxilə olunarsa, korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür
Bakı, 8 oktyabr, AZƏRTAC
Hər il oktyabrın ikinci cümə axşamı Ümumdünya Görmə Günü qeyd edilir.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə təsis edilən həmin gün kor, görmə pozuntuları və zəifliyi olanların problemlərinə ictimai diqqəti cəlb etmək üçün təqvimə salınıb.
Xroniki korluğa səbəb olan problemlər sırasına katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxoma və uşaqlarda A vitamini çatışmazlığı aid edilir. Statistikaya əsasən dünyada gözlə əlaqədar yaranan ən geniş yayılmış problemlərə yaş və diabet xəstəliyi səbəb olur.
Ümumdünya Görmə Gününə həsr olunan tədbirlərdə həmin problemlə əlaqədar olan müxtəlif təşkilatlar iştirak edir. Həmin gün göz xəstəlikləri ilə əlaqədar maarifləndirmə və profilaktika tədbirləri aparılır, ödənişsiz oftalmoloq müayinəsindən keçmək imkanı yaradılır. Gözün oftalmoloqlar tərəfindən mütəmadi yoxlanılması mövcud problemləri erkən mərhələlərdə üzə çıxarmağa kömək edir. Həmin günün qeyd olunması Ümumdünya Səhiyyə Təşkilatı və korluğun profilaktikası üzrə “Baxış 2020: görmə haqqı” beynəlxalq təşkilatı üçün də əhəmiyyətli hadisədir.
Korluğun qarşısının alınması üzrə Beynəlxalq Agentliyin məlumatına görə, hazırda dünyada təqribən 253 milyon insanın gözlə bağlı problemləri var. Onların 36 milyonu göz nurunu tamamilə itirib, 217 milyonun isə görmə zəifliyi və ağır görmə problemləri var. Hər il 19 milyondan çox uşaq göz xəstəliklərinə mübtəla olur, halbuki vaxtında müdaxilə olunarsa, korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür.
Ötən il ölkəmizdə 80 min 393 nəfərdə göz və gözün əlavə aparatının xəstəlikləri qeydə alınıb. Bu, əhalinin hər on min nəfərinə 81,2 təşkil edir. Göz və gözün əlavə aparatının xəstəlikləri 18 yaşına qədər olan uşaqlar arasında 42 min 170 nəfərdə aşkarlanıb. Bu da əhalinin hər 10 min nəfərinə 160,4-ə bərabərdir.
Göz xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş profilaktika tədbirləri çərçivəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kollektivi Bakıda və ölkəmizin ayrı-ayrı bölgələrində əhali arasında geniş maarifləndirmə tədbirləri aparır, oftalmoloji xəstələrin müayinəsini və müalicəsini həyata keçirir.
Bununla yanaşı göz xəstəliklərinin profilaktikası üçün bir sıra qaydaları da unutmaq olmaz. Həkimlər nikotinin gözə etdiyi mənfi təsirə görə tütün çəkməkdən imtina etməyi, gözün torlu qişasının damarlarını möhkəmlədən qaragilə, qara qarağat, kök, qaraciyər, göyərti məhsulları yeməyi, televizor qarşısında və elektron oyunlarına sərf olunan vaxtı azaltmağı, kompüter arxasında işləyərkən müasir monitor və keyfiyyətli proqramlardan istifadə olunmasını məsləhət görürlər. Vaxtaşırı həkim müayinəsindən keçmək və xəstəliyin erkən vaxtlarında aşkar edilməsi nəticəsində görmə ilə əlaqədar daha ciddi problemlərin qarşısını almaq mümkündür. Həkim məsləhətlərinə və sağlam həyat sürməyin ən sadə qaydalarına əməl etməklə görmə qabiliyyətini uzun müddət saxlamaq olar.