DÜNYA
Vəkil: Karles Puçdemon İspaniya məhkəməsinə gəlmək fikrində deyil
Bakı, 1 noyabr, AZƏRTAC
İstefaya göndərilən jeneralitet başçısı Karles Puçdemon İspaniya məhkəməsinə gəlmək fikrində deyil. Bunu onun belçikalı vəkili bildirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İspaniya Baş prokurorluğu Kataloniyanın sabiq rəhbərliyinə qarşı məhkəmə iddiaları qaldırıb. Onlar qiyamda, dövlət quruluşunun dəyişdirilməsinə çağırışlarda və dövlət vəsaitinin israfında ittiham olunurlar. Puçdemon və jeneralitetin digər sabiq üzvləri ifadə vermələri üçün noyabrın 2-si və 3-də məhkəməyə çağırılıb.
Karles Puçdemon və onun kabinetinin yeddi sabiq əməkdaşı oktyabrın 29-da Brüsselə gediblər. Oktyabrın 31-də Belçikanın paytaxtında keçirilən mətbuat konfransında çıxış edən sabiq hökumət başçısı deyib ki, buraya təhdidlərdən yayınmaq üçün gəlib və Kataloniyaya yalnız “təminat” verildiyi təqdirdə dönəcək, hazırda belə təminatlar yoxdur.
KİV-lərin məlumatına görə, Puçdemonu müşayiət edən Jeneralitetin keçmiş müşavirləri artıq Barselonaya qayıdıblar.
İspaniya Milli Məhkəmə Palatasının hakimi Karmen Lamela Puçdemonu və onun hökumətinin sabiq üzvlərini – ümumilikdə 14 nəfəri noyabrın 2-də və 3-də ifadə vermələri üçün çağırıb. Hakimin təyin etdiyi 6,2 milyon avroluq girov ödənilməsə, siyasətçilərin hesabları bağlanacaq. Bir qədər əvvəl bu məbləğ Baş prokurorluğun iddiasında da öz əksini tapmışdı. Prokurorluğun fikrincə, Kataloniyanın müstəqilliyi barədə İspaniya Konstitusiya Məhkəməsinin qanunsuz hesab etdiyi referendum məhz bu məbləğə başa gəlib.
Xatırladaq ki, oktyabrın 27-də Kataloniya parlamenti müstəqilliyin elan olunması haqqında qətnaməyə səs verib. Amma sənəd nə Kataloniya parlamentinin, nə də muxtariyyət hökumətinin rəsmi bülletenində dərc olunmayıb. Qanuna əsasən, bütün sənədlər bülletendə dərc edildikdən sonra qüvvəyə minir.
Qətnamənin qəbulundan dərhal sonra İspaniya senatı Kataloniyaya qarşı ölkə konstitusiyasının indiyə qədər istifadə olunmayan 155-ci maddəsini işə salmaq barədə qərar qəbul edib. Baş nazir Mariano Rahoy Kataloniya hökumətinin başçısı Karles Puçdemonu və hökumət üzvlərini vəzifədən kənarlaşdırıb. Həmçinin regional parlament buraxılıb və dekabrın 21-nə növbədənkənar seçkilər təyin olunub.
İspaniya hökuməti tərəfindən istefaya göndərilən Kataloniya parlamenti bu qərarla razılaşıb və növbədənkənar seçkilərə qədər fəaliyyətini dayandırıb.