İDMAN
Vəkillər kollegiyasının “Advokat” futbol komandası Ukraynada keçirilən futzal üzrə turnirin qalibi olub
Bakı, 29 oktyabr, AZƏRTAC
Bu ilin əvvəlində Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə vəkillərdən ibarət olan “Advokat” futbol komandası formalaşdırılıb və hazırda həmin komanda bir sıra regional və beynəlxalq səviyyəli futbol turnirlərində uğurla iştirak edir.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, oktyabrın 24-28-də Ukrayna Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Kiyev şəhərində vəkillər arasında beynəlxalq futzal üzrə turnir keçirilib.
Turnirin favoritləri arasında vəkillər arasında futzal üzrə dünya çempionu KRBA (Kiev Regional Vəkillər Kollegiyası) da yer alıb. Üç gün davam edən oyunlar nəticəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Advokat” futbol komandası bütün rəqiblərini yenərək turnirin qalibi olub.
Bu kimi tədbirlərin müxtəlif ölkələrin Vəkillər kollegiyaları arasında əlaqələrin gücləndirilməsində rolu və Azərbaycan vəkilliyinin xaricdə tanıdılmasında əhəmiyyəti nəzərə alınaraq səfərin təşkili və vəkillərimizin turnirdə iştirakı sponsorlar hesabına təmin edilib.
“Advokat” futbol komandası hazırda həm futzal üzrə 2-ci liqada, həm də Bakı futbol liqasında mübarizə aparır.