CƏMİYYƏT
Vəkilliyə qəbul üzrə icbari təlimlər uğurla davam edir
Bakı, 24 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin ölkədə vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu məqsədlə tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilir.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, ixtisas imtahanlarında müvəffəqiyyət qazanmış 92 nəfər vəkilliyə namizədin cəlb olunduğu icbari təlim artıq başa çatıb, yaxın günlərdə həmin namizədlərin peşəyə buraxılması ilə bağlı andiçmə mərasiminin keçirilməsi nəzərdə tutulub.
Bundan əlavə, Ədliyyə Akademiyasında yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 87 nəfər vəkilliyə namizədlə bir ayadək davam edəcək icbari təlimə başlanılıb.
Təlim zamanı onların lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcək, insan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzular nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunacaq.
Aprelin 23-də başlayan icbari təlimin ilk günündə namizədlərlə keçirilən görüşdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov açılış nitqi ilə çıxış edib, vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti barədə fikirlərini səsləndirib, Vəkillər Kollegiyası ilə birgə hazırlanmış tədris proqramının məzmunu barədə namizədlərə məlumat verib və onlara uğurlar arzulayıb.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək, vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə danışıb, o cümlədən vəkilliyə qəbulla bağlı keçirilən ixtisas imtahanlarının yazılı və şifahi mərhələsindən uğurla keçmiş namizədləri bu münasibətlə təbrik edərək, hazırkı icbari təlimin vəkilliyə namizədlərin gələcək peşə fəaliyyəti üçün əhəmiyyətini vurğulayıb.
Anar Bağırovun vəkillik etikası mövzusunda mühazirəsi dinlənilib, vəkillik etikası ilə bağlı namizədləri maraqlandıran suallar cavablandırılıb.