İQTİSADİYYAT
“Vergi ödəyicisinin debitor və kreditor borcları haqqında” məlumat forması təsdiq edilib
Bakı, 24 fevral, AZƏRTAC
ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri qanunvericiliklə nəzərdə tutulan müddətlərdə təqdim etdikləri bəyannamələrlə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə müəyyən edilmiş formada məlumatı elektron qaydada vergi orqanına təqdim etməlidir.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə öz əksini tapıb. Həmçinin orta və iri sahibkarlıq subyektləri 2022-ci il yanvarın 1-dək, kiçik sahibkarlıq subyektləri isə 2023-cü il yanvarın 1-dək yaranmış debitor və kreditor borcları barədə məlumatı müəyyən edilmiş formada müvafiq olaraq cari il martın 31-dək və gələn il martın 31-dək vergi orqanına təqdim etməlidir.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklər üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Vergi ödəyicilərinin debitor və kreditor borclarının ödənilməsi haqqında” Məlumat forması təsdiq edilib.