CƏMİYYƏT
Vətən müharibəsi şəhidinin təltif olunduğu “Qarabağ” ordeni anasına təqdim edilib
Bakı, 2 iyul, AZƏRTAC
Vətən müharibəsi şəhidi İbrahim Abdullayevin təltif olunduğu “Qarabağ” ordeni Nəsimi rayonunda yaşayan anası Nərgiz Abdullayevaya təqdim edilib.
Nəsimi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altındakı torpaqlarımızı mənfur düşməndən azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qızıl hərflərlə Zəfər tariximizə yeni səhifə yazıb. Hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Diqqətə çatdırılıb ki, Vətən müharibəsinin şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən sistemli və davamlı tədbirlər həyata keçirilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Yusif Mirzəyev şəhid baş leytenant İbrahim Abdullayevin döyüş yolu barədə ətraflı məlumat verib. Bildirilib ki, Vətən müharibəsindəki xidmətləri nəzərə alınaraq İbrahim Abdullayev Azərbaycan Prezidentinin sərəncamları ilə “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin anası Nərgiz Abdullayeva göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.