SİYASƏT


Vətəndaşlarımızın karantin rejiminin tələblərinə ciddi əməl etmələri vacib şərtdir

Bakı, 12 iyul, AZƏRTAC

Artıq səkkiz aya yaxındır ki, COVID-19 pandemiyası demək olar ki, bütün dünyanı iflic vəziyyətinə salıb. Əgər səkkiz ay əvvəl bu termin ancaq mütəxəssislərə məlum idisə, indi uşaqdan böyüyə, savadlı-savadsız, milliyyəti, dini mənsubluğu və maddi rifahından, sosial mövqeyindən asılı olmayaraq, hər bir şəxs bu xəstəlik barədə məlumatlıdır. Çox təəssüf ki, bu xəstəliyi hələ də ciddi qəbul etməyib məsuliyyətsizlik nümayiş etdirənlər var. Xəstələrin sayındakı artım da məhz bununla bağlıdır. Çoxları ətraflarındakı insanlar yoluxduqdan sonra bu xəstəliyin nə qədər ciddi olduğunu dərk etdilər. Xəstə və ya sağlam olmasından asılı olmayaraq, hər kəsin özünü və ətrafındakıları qoruması üçün qapalı məkanlarda, insanların çox olduğu yerlərdə, açıq havada olsa belə maska taxması, sosial məsafə saxlaması, gigiyena qaydalarına ciddi riayət etməsi vacibdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülviyyə Ağayeva bildirib.

Deputat deyib: “Əslində yoluxucu xəstəliyin növündən asılı olmayaraq virus daşıyıcısı özündə hər hansı bir xəstəlik simptomunu hiss edərsə hamıdan təcrid olunmalıdır. Bəzən qrip simptomları aşkar görünən insanlar virus daşıyıcısı olduqlarını gizlətməyə çalışır, “adi qripdir”, “soyuqdəymədir” kimi ifadələr işlədərək ətrafındakıları da yoluxdururlar. Hətta pandemiya dövründə COVID-19-a yoluxanların da xəstəliyini gizlətməyə çalışdığının, vəziyyətləri ağırlaşdıqdan sonra xəstəxanaya üz tutduqlarının şahidi oluruq. Təsəvvür edin ki, bu insanlar xəstəliklərini gizlətməyə çalışdıqları müddətdə nə qədər insanın, əzizlərinin həyatını riskə atıblar. Həyatları riskə atılanlar özləri də bilmədən ətrafındakıları da yoluxdurublar. Beləliklə, mənzərəni təsəvvür etdikdə insan dəhşətə gəlir. Halbuki bu istiqamətdə mütəmadi olaraq maarifləndirmə işləri aparılır. Bütün portallar, verilişlər, adi məişət söhbətləri bu mövzu ətrafında cəmlənir. Hamı xəbərlərdə harada daha çox yoluxan, ölən olması haqqında məlumatları eşidir. Virusologiya sahəsinin mütəxəssisləri ona qarşı peyvənd, dərman axtarmaqdadır, ancaq hələlik virus başqa planetlərə yol açmış insan sivilizasiyasını ağuşuna almaqdadır”.

Ü.Ağayeva vurğulayıb ki, Azərbaycan hökuməti də vətəndaşlarının sağlamlığının qayğısına qalmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vəziyyəti bilavasitə nəzarət altında saxlayırlar. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına verdiyi müsahibədə bir daha bəyan edib ki, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Dövlət başçısı qeyd edib ki, xəstəliyə yoluxmanın tempi yüksəkdir, amma vəziyyət nəzarət altındadır. Səhiyyə sistemləri nümunəvi hesab olunan, bizimlə əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə 10 mindir. Bu, o deməkdir ki, heç bir ölkə koronavirusa yoluxmaqdan sığortalanmayıb. Bunları nəzərə alaraq, hər kəs karantin rejiminin tələblərinə daha ciddi şəkildə əməl etməli, özlərini, yaxınlarını, ətrafındakıları qorumalı, bunun üçün həmrəy olmalıdır, çünki dövlətimizin başçısının dediyi kimi, biz birlikdə güclüyük!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.