DÜNYA
Virciniyada atışma zamanı daha bir konqresmen zərər çəkib
Bakı, 14 iyun, AZƏRTAC
ABŞ-ın Aleksandriya şəhərində (Virciniya ştatı) avtomat silahdan açılan atəşdən sonra azı daha bir qanunverici tibbi yardım üçün müraciət edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə konqresmen Mo Bruks CNN telekanalının efirində məlumat verib. “Mənim dostum konqresmen Qeri Palmer tibbi yardım alıb”, - deyə hadisənin şahidi Bruks bildirib. Onun sözlərinə görə, insident iki, ola bilsin, bir dəqiqə davam edib.
Xatırladaq ki, Nümayəndələr Palatasında respublikaçılar fraksiyasının koordinatoru Stiv Skaliz Vaşinqton yaxınlığında naməlum şəxsin açdığı atəş nəticəsində yaralanıb. İnsident Skaliz və onun köməkçisi beysbol meydançasında məşq edərkən baş verib. Ümumilikdə azı 5 nəfərin yaralandığı bildirilir.
CNN xəbər verir ki, cəmi 50-100 güllə atılıb, atəş avtomat silahdan açılıb. Ehtimal olunan atıcı həbs edilib. Şahidlərin dediyinə görə, polislər onu yaralayıb. İnsidentin digər şahidi - senator Mayk Li isə Fox News telekanalında hücum edən şəxsin öldürüldüyünü deyib.