SİYASƏT


XİN : İşğal edilmiş ərazilərdəki oyuncaq rejimin Milan Şəhər Şurası tərəfindən “tanınma”sı ilə bağlı iddialar Ermənistan tərəfinin növbəti təxribatıdır

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki qeyri-qanuni oyuncaq rejimin Milan Şəhər Şurası tərəfindən “tanınma”sı ilə bağlı iddialar Ermənistan tərəfinin növbəti təxribatı və saxtakarlıqlara əsaslanan təxribatının tərkib hissəsidir.

AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

L.Abdullayeva deyib: “Burada söhbət Milan şəhərində fəaliyyət göstərən Ermənistanın fəxri konsulluğu və Milandakı erməni icmasının təşəbbüsü ilə Şəhər Şurası tərəfindən edilən müraciətdən gedir.

Bu xüsusda bildirmək istərdik ki, İtaliyada hər bir ərazi vahidinin yerli orqanının üzvləri mərkəzi hökumətə istənilən mövzuda müraciətlə çıxış edə bilər. Həmin müraciətlər heç bir hüquqi əsasa malik deyil və hüquqi nəticələr doğurmur. Eyni zamanda, İtaliya Respublikasının heç bir ərazi vahidinin “tanıma” kimi səlahiyyəti yoxdur. Erməni tərəfinin “tanıma” olaraq iddia etdiyi “müraciət” də bu qəbildəndir və heç bir hüquqi mahiyyətə malik olmamaqla yanaşı, hər hansı hüquqi nəticələr doğurmur.

İtaliya Respublikasının xarici siyasətini mərkəzi hökumət müəyyənləşdirir. İtaliya Respublikası Hökumətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi birmənalıdır və bu mövqe 2020-ci il fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Baş Naziri Cüzeppe Konte tərəfindən Roma şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də öz əksini tapıb.

Həmin Birgə Bəyannamədə İtaliya Respublikası Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətini bir daha təsdiq edib və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz həmin prinsiplər əsasında həllini dəstəkləyib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.