SİYASƏT
“XOCALI FACİƏSİ”
Martın 31-də Azərbaycan Yazıçılar Birliyində İnqilab Vəlizadənin və Əliağa Cəfərlinin “Xocalı faciəsi” romanının təqdimat mərasimi keçirilmişdir.
Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Yazıçılar Birliyinin katibi Fikrət Qoca mərasimi açaraq dedi ki, respublikada əvvəlki iqtidarların dövlət siyasəti xalqımızın başına gətirilən faciələrin nəsillərin yaddaşından silinib unudulmasına gətirib çıxarmışdı. Biz tariximizdəki “ağ ləkələr”i doldurmağın zəruriliyini aradan illər keçdikdən sonra dərk etmişik.
İ.Vəlizadənin və Ə.Cəfərlinin əsəri 1992-ci ilin fevral gecəsində baş vermiş faciəli hadisələr, erməni qəsbkarlarının Qarabağ torpağında törətdikləri, bəşər tarixində görünməmiş vəhşiliklər haqqında sənədli romandır. Şahidlərin ifadələri əsasında qələmə alınmış kitab tarix üçün sənəd ola bilər.
Romanın baş qəhrəmanının prototiplərindən biri, istefada olan polkovnik K.Məmmədov Xocalı hava limanının işi barədə xatirələrini danışdı.
Natiqlər tariximizin ən qanlı səhifələrindən birini gələcək nəsillər üçün əks etdirdiklərinə görə müəlliflərə təşəkkürlərini bildirdilər.
Mərasimdə yazıçılar, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.