İDMAN
XOKKEYÇİLƏRİMİZ DAHA YÜKSƏK NƏTİCƏ UĞRUNDA YARIŞACAQLAR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Otüstü Xokkey Federasiyası aprelin 17- də “Excelsior” mehmanxanasında qarşıdakı məsul yarışlara hazırlıqla bağlı mətbuat konfransı keçirmışdir.
Federasiyanın mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyev bildirmişdir ki, Azərbaycanın qadın xokkeyçiləri cari ildə iki möhtəşəm yarışda iştirak edəcəklər. Mayın 25-dən 28-dək Bakıda Avropa Çempionlar Liqası turnirinin güclülər dəstəsinin oyunları keçiriləcəkdir. İyunun 9-dan 17-dək isə xokkeyçilərimiz “AtaHolding Hockey Champions Challenge” turnirində mübarizə aparacaqlar.
Çempionlar liqası turnirində klublar iki yarımqrupda yarışacaqlar. “A” qrupunda Azərbaycan qadın xokkeyçilərinin rəqibləri Hollandiyanın “Hertogenboş”, Ukraynanın “Kolos” və Şotlandiyanın “Bonoqras Grove” klubları olacaqdır.
“AtaHolding Hockey Champions Challenge” turnirində isə komandamızın rəqibləri Çin, İngiltərə, Yeni Zelandiya və ABŞ komandaları olacaqlar.