REGİONLAR
Xaçmazda Axıska türklərinin sürgün olunmasının 77 illiyi ilə əlaqədar tədbir keçirilib VİDEO
Xaçmaz, 13 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 13-də Xaçmazda Axıska türklərinin sürgün olunmasının 77-ci ildönümü qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə Axıska türkü olan xaçmazlı rəssam Canpolad Qəhrəmanovun əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Sərgidə axıska türklərinin sürgün olunmasını təsvir edən 20-yə yaxın əsər nümayiş etdirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş igid Vətən övladlarının və sürgün zamanı həlak olan Axıska türklərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Axıska türklərinin sürgün edilməsinə aid videoçarx nümayiş olunub.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nurəddinova çıxış edərək, Vətən müharibəsində şanlı Zəfərin qazanılmasında Azərbaycanda yaşayan bütün xalqların, o cümlədən Axıska türklərinin bir amal uğrunda yumruq kimi birləşməsinin mühüm rol oynadığını bildirib.
Azərbaycanda yaşayan Axıska Türkləri Vətən İctimai Birliyinin sədri İsmayıl Rəhimov isə çıxışında sürgün tarixi haqqında ətraflı məlumat verərək, 17 mindən çox Axıska türkünün sürgün zamanı həlak olduğunu diqqətə çatdırıb. Axıska türklərinin bir qismi keçən əsrin 50-ci illərinin ortalarında Azərbaycanda məskunlaşıb. Həmin dövrdən başlayaraq ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edirlər.
İsmayıl Rəhimov bildirib ki, Birinci Qarabağ savaşında 83, 44 günlük Vətən müharibəsində isə 9 nəfər Axıska türkü şəhidlik zirvəsinə ucalıb.
Tədbirdə çıxış edənlər Axıska türklərinin tarixi, etno-mədəni dəyərləri, məişəti, sürgündəki fəaliyyətləri, ədəbi yaradıcılıqları, digər xalqlarla ədəbi-mədəni əlaqələri, folkloru, adət-ənənələri haqqında məlumat veriblər.