REGİONLAR
Xaçmazda gündə 100-150 nəfərə “CoronaVac” vaksininin ilk dozasının vurulması planlaşdırılır VİDEO
Xaçmaz, 22 yanvar, Elxan Yusifli, AZƏRTAC
Ölkəmizin digər bölgələrində olduğu kimi, Xaçmaz rayon sakinləri də COVID-19-a qarşı peyvəndləməyə cəlb edilib. Rayon mərkəzi xəstəxanasında yaradılan vaksin otaqlarında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda vaksinasiyanın başlandığı bu günlərdə artıq 100-dən çox tibb işçisinə peyvəndin ilk dozası vurulub.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Səyyaf Tağıyev bildirib ki, təhlükəsizliyinə və effektivliyinə görə seçilən “CoronaVac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan əhaliyə - səhiyyə işçilərinə, müəllimlərə, hüquq-mühafizə orqanı əməkdaşlarına və yaşı 65-i ötmüş sakinlərə könüllülük əsasında vurulur. Vaksin immuniteti gücləndirmək yolu ilə COVID-19 infeksiyasından qoruyur, virusun ötürülməsini məhdudlaşdırır, ölüm halının qarşısını alır.
Tibb işçisi Kamil Bəşirov, həmçinin qeyd edib ki, vaksinasiyanın başlanması səhiyyə işçilərinin işini asanlaşdıracaq.
“İlk peyvənd olunanlardanam. Çox yaxşı haldır ki, biz tibb işçiləri vaksinasiyaya birinci cəlb olunduq. Çünki gündəlik pasiyentlərlə əlaqədə oluruq. Xəstəliyə yoluxmaq riskimiz çoxdur. Dövlətimiz sağ olsun ki, əhalinin sağlamlığı üçün belə gözəl addım atıb, insanlar pulsuz peyvəndlə təmin olunurlar”, - deyə Kamil Bəşirov söyləyib.
Gündəlik olaraq rayon mərkəzi xəstəxanasında 100-150 nəfərə peyvəndin ilk dozasının vurulması planlaşdırılır. İkinci doza isə 21 gündən sonra tətbiq olunacaq.