REGİONLAR
Xaçmazda uşaq və yeniyetmələr arasında cüdo birinciliyinin qalibləri müəyyənləşib
Xaçmaz, 19 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Olimpiya İdman Kompleksində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş uşaq və yeniyetmələr arasında cüdo idman növü üzrə açıq rayon birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda Bakı, Abşeron, Quba, Qusar, Şabran, Xaçmaz və Tovuz komandalarının tərkibində 190 idmançı qüvvəsini sınayıb.
Turnir 11-14 yaşlı yeniyetmələr arasında beynəlxalq cüdo qaydalarına uyğun olaraq keçirilib.
Xaçmaz rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov bildirib ki, yarışın keçirilməsində əsas məqsəd şəhidlərimizin xatirəsinin yad edilməsi, uşaq və yeniyetmə idmançılara vətənpərvərlik ruhunun aşılanması, yeniyetmələr arasında cüdo idman növünün təbliği və inkişaf etdirilməsi, qarşıdakı yarışlara hazırlığın təmin olunması və rayon yığma komandasının tərkibinin müəyyənləşdirilməsindən ibarətdir.
İki gün davam edən yarış oğlanlar arasında 2 , qızlar arasında isə 1 yaş qrupu üzrə keçirilib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın sonunda I, II və III yerləri tutmuş idmançılar Xaçmaz rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.