MƏDƏNİYYƏT
Xalçaçılar ənənələrin izi ilə...
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Xalça Muzeyində xalçaçıların peşə bayramı günü münasibətilə “Ənənələrin izi ilə” adlı sərgi açılıb.
Tədbirdə bir sıra dövlət və hökumət nümayəndələri, ictimai təşkilatların təmsilçiləri, xalçaçı rəssam və ekspertlər, ali məktəblərin müəllim-tələbə heyəti və bu sahədə çalışan mütəxəssislər iştirak ediblər.
Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə muzeyin direktoru Şirin Məlikova rəhbəri olduğu qurumun xalçaların qorunub saxlanması, nümayişi, xalçaçılıq ənənələrinin davam etdirilməsi və gələcək nəslə çatdırılması istiqamətində görülən işlərdən danışıb.
Muzeyin direktoru Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının simasında peşə bayramını qeyd edən bütün xalçaçıları təbrik edib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgidə Azərbaycan Xalça Muzeyinin ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən hazırlanan əşyalar - xalça eskizləri, muzeyin kolleksiyasından xovlu və xovsuz xalçalar, xalça məmulatları və digər əşyalar nümayiş olunub.