REGİONLAR
Xalq şairi Nəriman Həsənzadə Sumqayıt poeziya sevənlərinin qonağı olub
Sumqayıt, 1 dekabr, AZƏRTAC
Sumqayıt şəhər Poeziya Evində xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri şairin “Zirvə” şeiri ilə açan Əli Kərim adına şəhər poeziya klubunun direktoru, şair İbrahim İlyaslı yubilyarı təbrik edib, onun yaradıcılıq yolundan danışıb.
Professor Rüstəm Kamal, tənqidçi Vaqif Yusifli, yazıçı-publisist Atababa İsmayıloğlu, şairlər Əşrəf Veysəlli, Aqşin Ağkəmərli və digərləri Nəriman Həsənzadə yaradıcılığından söz açıb, şairlə bağlı maraqlı xatirələrini bölüşüblər.
Bədii qiraətçilər Gülbəniz Abbasova, Amil Babayev və Elvin Əlizadə şairin şeirlərini söyləyiblər. Xanəndə Təhmiraz Şirinovun ifasında səslənən mahnılar, aşıqlar İlham Aslanbəyli və Şəhriyar Qaraxanlının, Aşıq Pəri məclisinin gənc nümayəndələrinin saz havaları iştirakçılarda xoş ovqat yaradıb.
Sonda Nəriman Həsənzadə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, şeirlərindən nümunələr söyləyib.