CƏMİYYƏT
Xalqımız öz xilaskarının misilsiz xidmətlərini unutmayacaq

Bakı, 12 dekabr, AZƏRTAC
Heydər Əliyev hakimiyyətə gəlməzdən əvvəl ölkədə hərc-mərclik baş alıb gedirdi. Xalqımız çox ağır günlər keçirirdi. 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Ən ağır zamanlarda xalqın imdadına yetişən, kömək əlini uzadan dahi lider ölkədə siyasi sabitliyi bərqərar etdi. Bütün sahələrdə dərinləşən böhranın qarşısı alındı, ölkəmiz inkişaf yoluna qədəm qoydu.
Bu sözləri xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Fəxri xiyabana gələn Qarabağ müharibəsi əlili Xəyyam Kərimov AZƏRTAC-a müsahibəsində deyib.
X.Kərimov, həmçinin Ulu Öndərin əlillərə, veteranlara qayğı göstərdiyini, vətən yolunda canından keçən şəhidlərin ailələrinə diqqət yetirdiyini bildirib. Görkəmli dövlət xadiminin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də sosial müdafiəyə ehtiyacı olanların maddi rifahlarının yaxşılaşdırılması məqsədilə tədbirlər görür.
O, xalqımızın öz xilaskarının misilsiz xidmətlərini unutmayacağını və onun əziz xatirəsinin daim yaşadacağını diqqətə çatdırıb.