ELM VƏ TƏHSİL
“Xarı bülbül” və Çinin rəmzi sayılan “Bülbül və qızılgül”: İpək Yolunda mədəni paralellər
Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Azərbaycan və Çin mədəniyyətinin milli rəmzlərinə həsr olunmuş “Xarı bülbül” və Çinin rəmzi sayılan “Bülbül və qızılgül”: İpək Yolunda mədəni paralellər” mövzusunda onlayn seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycanın mədəniyyət beşiyi hesab olunan Şuşa şəhərinin, Qarabağ həsrətimizin simvoluna çevrilmiş “Xarı bülbül” haqqında danışıb. R.Abbasov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qalibiyyətimizi tarixi qələbə adlandırıb. O, “Xarı bülbül”ün adı ilə bağlı məşhur Azərbaycan əfsanəsini diqqətə çatdıraraq deyib ki, Çində də “Bülbül və qızılgül” səsin, görünüşün və ətrin ahəngdar gözəlliyini təcəssüm etdirir. Bununla yanaşı, firavanlıq və dirçəlişi ifadə edən Çinin çaygülü həm də gücün, qüvvənin çiçəyi kimi də qəbul edilir. Dahi Konfutsi yaradıcılığında Çin sarı qızılgülü çiçəklərin şahı kimi tərənnüm edilirdi, bu gülə beş yüzdən artıq qədim Çin traktatı həsr olunub. Çində bülbül xeyirxahlığın, saflığın, istedadın, müğənnilik qabiliyyətinin bəxş olunması, həmçinin əzabın və sevginin simvoludur.
Seminarda ADU-da təhsil alan çinşünas tələbələr Azərbaycan və Çinin incəsənətində “Xarı bülbül” və “Bülbül və qızılgül” simvollarının özünəməxsusluğundan bəhs ediblər. Qeyd olunub ki, Azərbaycanda Qarabağ xanı İbrahimxəlil xanın qızı, şair xanım Ağabəyim Ağa yaradıcılığında Xarı bülbülü tərənnüm edib. Qarabağı vəsf edən xalq mahnısı “Sarı Bülbül” mahnısı unudulmur, bu gün də məşhurdur. Azərbaycan milli geyimlərində və xalçaçılıq sənətində Xarı bülbül elementindən geniş şəkildə istifadə olunur.
Seminar iştirakçıları, həmçinin sənətkarlara düşüncələrini, əhval-ruhiyyələrini təcəssüm etdirməyə və xoş arzularını ifadə etməyə meydan açan Çin rəsmi “Hua-nyao” (“Güllər və quşlar”) haqqında, onun fəlsəfi-estetik mənbələri barədə danışıblar. Diskussiyalar zamanı Çin musiqisində çiçək və quş obrazlarının geniş yayılması diqqətə çatdırılıb. Fleyta üçün “Sarı bülbül qanadları ilə parıldayır” melodiyası və truba üçün “İki bülbül” melodiyası ilə bağlı məlumat verilib. Həmçinin qeyd edilib ki, Çində dekorativ tətbiqi sənət sahəsində farfor məmulatlarının hazırlanmasında, habelə qədim Çin geyimləri üzərində bu obrazlardan geniş istifadə olunub.