ELM VƏ TƏHSİL


“Xarıbülbül” respublika uşaq rəqs festivalının qalibləri mükafatlandırılıb

Bakı, 11 noyabr, AZƏRTAC

Noyabrın 11-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Zəfər Gününə həsr olunmuş “Xarıbülbül” respublika uşaq rəqs festivalının yekun konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, festivala Bakı şəhərinin ümumtəhsil məktəblərindən, respublikamızın regionlarında və paytaxtımızda fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərindən 47 rəqs kollektivi olmaqla 400-dən çox uşaq qatılıb. “Milli rəqs” və “Vətənpərvərlik mövzusunda rəqs kompozisiyası” nominasiyaları üzrə 50 rəqs nömrəsinə baxış olub və qaliblər müəyyənləşdirilib.

Konsertdə rəqs kollektivləri çıxış edib, qaliblər xüsusi mükafat, kubok, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, festival Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhər ümumtəhsil məktəblərinin və respublikada fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin 7-17 yaşadək olan uşaq və yeniyetmələrdən ibarət rəqs kollektivləri arasında keçirilib.

Müsabiqə milli (xalq və folklor) rəqslər, Azərbaycanda yaşayan milli azlıq, azsaylı xalqlar və etnik qrupların rəqsləri, vətənpərvərlik mövzusunda fləşmob, rəqs kompozisiyaları üzrə 3 yaş (7-12, 13-17 və qarışıq) qrupunda və 3 mərhələdə keçirilib.

Festivalın məqsədi ölkəmizin möhtəşəm qələbəsini qeyd etmək, gənc nəsildə Vətənə, torpağa məhəbbət hissini artırmaq və vətənpərvərlik ruhunu təbliğ etmək, şəhidlərimizin əziz xatirəsini yad etmək, milli-mənəvi dəyərlərimizi qoruyub təbliğ etmək, Azərbaycan xalqının mədəniyyəti, incəsənəti, adət-ənənələri, xalq yaradıcılığı və folkloru ilə yaxından tanış olmaq, uşaqlar arasında qarşılıqlı hörmət və dostluq münasibətlərini yaratmaq, gənc istedadları və uşaq rəqs kollektivlərini üzə çıxarmaqdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.