DÜNYA
Xerson vilayətində suyun səviyyəsi 20 santimetr enib

Bakı, 9 iyun, AZƏRTAC
Kaxovka bəndinin partladılması nəticəsində Xerson vilayətinin ərazisini basmış suyun səviyyəsi 20 santimetr aşağı düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Xerson Vilayəti Hərbi Administrasiyasının sədri Oleksandr Prokudin sosial media hesabında regiondakı son vəziyyəti qiymətləndirərkən deyib. Onun sözlərinə görə, səhər saatlarında bölgədə suyun səviyyəsi 5,38 metr, Xerson şəhərində isə 5,35 metr təşkil edib. Regionun 32 yaşayış məntəqəsində 3 min 624 bina su altında qalıb, 2 min 352 insan təxliyə olunub.
Ukrayna hakimiyyət orqanlarının məlumatına əsasən, Kaxovka su anbarında isə suyun səviyyəsi son sutka ərzində daha bir metr, ümumilikdə isə 4,7 metr enib.
Xatırladaq ki, iyunun 6-da gecə saatlarında Kaxovka su elektrik stansiyasındakı bənddə partlayış baş verib. Münaqişə tərəfləri hadisədə bir-birini ittiham edir. Ukraynanın Prezident ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak partlayışın Rusiya ordusunun 205-ci motoatıcı hissəsi tərəfindən törədildiyini deyib. İşğal altındakı Yeni Kaxovka şəhərinin Moskva tərəfindən təyin olunan meri Vladimir Leontyev isə partlayışa Ukrayna Silahlı Qüvvələrinin gecə zərbələrinin səbəb olduğunu iddia edib.