CƏMİYYƏT
Xəzər rayonunda elektrik cərəyanı vurması nəticəsində bir yeniyetmə ölüb, digəri isə xəsarət alıb
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 21-də saat 12 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində elektrik cərəyanı vurması nəticəsində 2005-ci il təvəllüdlü İsmayıl Muradovun ölməsi, 2008-ci il təvəllüdlü Uğur Qəhrəmanovun isə xəsarət alması ilə bağlı rayon prokurorluğuna məlumat verilib.
Xəzər Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İlkin istintaqla zərərçəkmişlər İsmayıl Muradov və Uğur Qəhrəmanovun Buzovna qəsəbəsi ərazisində köhnə tikilidəki 863 nömrəli, 6 KV-luq Qapalı Paylayıcı Qurğunun içərisində olarkən elektrik cərəyanın təsirinə məruz qalmaları nəticəsində İsmayıl Muradovun ölməsi, Uğur Qəhrəmanovun isə xəsarət alması müəyyənləşdirilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.