REGİONLAR
Xızıda 420 şagird yerlik yeni məktəb binası istifadəyə verilib VİDEO

















Xızı, 26 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 26-da Xızıda Rafiq İsmayılov adına şəhər 1 nömrəli tam orta məktəb üçün inşa olunan 420 şagird yerlik yeni bina istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xızı Rayon İcra Hakimiyyəti rəhbərliyinin, təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edib.
Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsilə göstərdiyi qayğı və diqqətdən danışan M.Vəliyeva, ölkəmizdə aparılan təhsil islahatları haqqında məlumat verib. O, yeni məktəb binalarının inşasının təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə əhəmiyyətli təsir edəcəyinə əminliyini vurğulayıb.
Bildirilib ki, təkcə bu il ölkəmizdə Dövlət İnvestisiya Proqramı və Prezidentin sərəncamları ilə müxtəlif bölgələrdə 100-ə yaxın yeni məktəb binası inşa edilib. Regionlarda, xüsusən ucqar rayonlarda yeni məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdirildiyinin göstəricisidir.
Sonra mərasim iştirakçıları yeni məktəbdə yaradılmış şəraitlə tanış olublar.
Xızıda yeni təhsil ocağının inşasına Prezident İlham Əliyevin Sərəncamına əsasən cari ilin mart ayından başlanılıb. İkimərtəbəli tədris korpusundan ibarət məktəb binasında 17 sinif otağı ilə yanaşı kompüter, məktəbəhazırlıq, tibb, texnologiya otaqları, kimya, fizika və biologiya laboratoriyaları, çağırışaqədərki hazırlıq kabineti, 168 yerlik akt zalı, 68 yerlik yeməkxana, idman zalı və kitabxana var. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün müasir tələblərə cavab verən qazanxana və nasosxana tikilib.
Rafiq İsmayılov adına Xızı şəhər 1 nömrəli tam orta məktəbdə hazırda 214 şagird təhsil alır.
Onu da qeyd edək ki, son illər Xızı rayonunda 5 məktəb binası tikilərək istifadəyə verilib. Bu təhsil ocaqlarından ikisi modul tipli məktəbdir.