QAN YADDAŞI
“Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda keçirilən sərginin qalibləri mükafatlandırılıb
Bakı, 26 fevral, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Rəsm Qalereyasında Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda növbəti ənənəvi sərginin mükafatlandırma mərasimi keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, sərgidə Bakının müxtəlif rayonlarından 60 məktəbli iştirak edib.
Nümayiş olunan 50 əsər əsasən qrafik janrda, müxtəlif texnikalarla işlənib. Mükafatlandırma mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov iştirak ediblər.
Nizami rayonundan Nihad Məmmədov 1-ci yerə, Xətai rayonundan Fatimə Şirəliyeva 2-ci yerə, Yasamal rayonundan Nəzrin Salmanova isə 3-cü yerə layiq görülüb. Digər 8 iştirakçıya isə həvəsləndirici diplomlar və hədiyyələr təqdim edilib.