ELM VƏ TƏHSİL
Xocalı soyqırımı ilə yanaşı, xalqımıza qarşı törədilmiş digər qırğınların da dünyaya çatdırılmasına ehtiyac var
Bakı, 26 fevral, AZƏRTAC
XX əsrin sonlarında Azərbaycan xalqı milli azadlıq mübarizəsi nəticəsində 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdi. Azərbaycanın dövlət müstəqilliyi dünya ölkələri tərəfindən tezliklə tanındı. Lakin mövcud problemlərin həll edilməsində ölkə böyük çətinliklərlə üzləşirdi. O zamankı rəhbərlik xalqın tələbinə baxmayaraq, milli ordunun yaradılmasına razı olmur, Dağlıq Qarabağda erməni təcavüzü ilə üz-üzə qalan kəndləri milis qüvvələrinin köməyilə müdafiə etməyə çalışırdı. 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında vertolyotun vurulması və yüksək vəzifəli şəxslərin həlak olması vəziyyəti daha da kəskinləşdirdi.
Azərbaycan Ordusunun yaradılmaması erməni separatçılarının Qarabağda azğınlaşmasına səbəb oldu. Belə bir şəraitdə 1992-ci il fevralın 26-da 366-cı alayın köməyilə ermənilər Xocalı qətliamını törətdilər. Hadisədən 9 gün əvvəl isə Xocavənd rayonunun Qaradağlı kəndində erməni quldurları insanlığa sığmayan vəhşiliklər etdilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Turizm və Menecment Universitetinin ictimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlı söyləyib. Professor bildirib ki, Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı əsasında fevralın 26-nın “Xocalı Soyqırımı Günü” elan olunmasından sonra Xocalı həqiqətlərinin dünyaya çatdırılması sahəsində böyük işlər görülüb. Digər ali məktəblərlə yanaşı, Azərbaycan Turizm və Menecment Universitetində də bu sahədə müvafiq işlər görülür. Universitetdə fəaliyyət göstərən Heydər Əliyev lektoriyası, həmkarlar və gənclər təşkilatı ilə birlikdə hər il Xocalı faciəsi və digər taleyüklü məsələlərə həsr olunmuş tədbirlər keçirir.
“Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının uğurla həyata keçirilməsi faciənin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. Xocalı soyqırımı ilə əlaqədar informasiya blokadasını yarmaq sahəsində böyük işlər görülsə də, digər faciələr haqqında bunu etmək çox təəssüf hələ ki, mümkün olmayıb. Fikrimizcə, bunun əsas səbəbi Dağlıq Qarabağda erməni cinayətlərinin həddən artıq çox olması və bu cinayətlərin əksəriyyəti haqqında informasiya qıtlığıdır. Xocavənd rayonunun Qaradağlı kəndində 1992-ci il fevralın 17-də törədilmiş qırğını şahidlər unutmayıblar. 1988-ci ilin fevralından 1992-ci ilin fevralınadək Qaradağlıya 305 dəfə düşmən hücumu olub. Bu döyüşlərin hər birində isə kənd sakinləri itkilər veriblər. Qaradağlı faciəsində ölən, yaralanan, əsir düşənlər haqqında müxtəlif məlumatlar var. Məlumatların birində 54 nəfər dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi, 50 nəfərin əsir götürülməsi, 42 ailənin başçısız qalması, 140 uşağın yetim qalması, ümumiyyətlə, kənd sakinlərinin hər 10 nəfərindən birinin şəhid olması göstərilir.
Müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Yaxın gələcəkdə erməni terrorçularının tör-töküntülərinin də Azərbaycan ərazilərindən tamamilə təmizlənməsi ilə bu prosesin uğurla başa çatacağına ürəkdən inanırıq”, - deyə M.Zülfüqarlı bildirib.