QAN YADDAŞI


Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Efiopiyanın Milli Liderlik İnstitutunda açıq mühazirə keçirilib

Bakı, 26 fevral, AZƏRTAC 

Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Efiopiyanın aparıcı təhsil ocaqlarından biri hesab olunan Milli Liderlik İnstitutunda açıq mühazirə keçirilib.

Azərbaycanın Efiopiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Liderlik İnstitutunun tələbələri və müəllimləri iştirak ediblər.

Çıxış edən səfir Elman Abdullayev Xocalı soyqırımının Azərbaycanın tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edib, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı soyqırımı törədildiyini vurğulayıb. Diplomat Ermənistan silahlı qüvvələrinin Xocalıya hücumu zamanı günahsız 613 azərbaycanlının vəhşicəsinə və amansızcasına qətlə yetirildiyini, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın öldürüldüyünü, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərdən birini itirdiyini diqqətə çatdırıb.

Həmçinin səfir E.Abdullayev artıq bir neçə ölkənin parlamenti və ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanları tərəfindən Xocalı soyqırımının tanındığını və bəşəriyyətə qarşı olan bu cinayətin pisləndiyini bildirib.

Cinayətkar Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə qarşı hörmətsizlik nümayiş etdirdiyini vurğulayan səfir E.Abdullayev Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında saxlandığını, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinin yerinə yetirilmədiyini, 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün öz tarixi torpaqlarına geri dönə bilmədiklərini qeyd edib.

Səfir beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının Xocalıda törədilmiş bu cinayətlərə hüquqi və siyasi qiymətin verilməsinə yönəldiyini bildirib.

Sonra tələbə və müəllim heyətinə Xocalı soyqırımından bəhs edən sənədli filmlər, Xocalı soyqırımının canlı şahidlərinin müsahibələri və beynəlxalq KİV-lərin çəkdikləri fotoşəkillər nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.