ELM VƏ TƏHSİL
YAP İSMAYILLI RAYON TƏŞKİLATINDA QƏBUL İMTAHANLARINDA YÜKSƏK BAL TOPLAYAN ABİTURİYENTLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Pilot rayon kimi İsmayıllıda son illər ümumtəhsil məktəblərinin maddi–texniki bazasının möhkəmləndirilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, hər il rayondan müxtəlif ali və orta ixtisas məktəblərinə qəbul olunan məzunların sayı artır. Təkcə bu il 110 nəfər ismayıllılı gənc ali məktəblərə daxil olmuşdur. Onlardan 12 nəfəri 600–dən yuxarı bal toplamışdır.
Bu fikirlər Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatında ali məktəblərə test qəbul imtahanlarında 600–dən yuxarı bal toplayan abituriyentlərlə görüş zamanı səsləndirilmişdir.
Tədbiri İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP rayon təşkilatının sədri Akif Xıdırov açaraq gəncləri təbrik etmiş, son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərdən danışmışdır. Ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın gələcəyi olan uşaq və yeniyetmələrin, gənclərin bilik və bacarığının, intellektinin yüksək səviyyədə formalaşdırılması sahəsində misilsiz xidmətlərindən, böyük diqqət və qayğısından bəhs edən natiq və digər çıxış edənlər qazanılan uğurları məhz bu diqqətin təzahürü kimi dəyərləndirmişlər.
Tədbirdə 600–dən yuxarı bal toplayan gənclərə pul mükafatları və fəxri fərmanlar verilmişdir. Habelə, YAP rayon təşkilatı aztəminatlı ailədən olan bir abituriyenti himayəyə götürmüşdür.
Gənclər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.