YAP NƏSİMİ RAYON TƏŞKİLATINDA ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, yanvarın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının qərargahında 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilmişdir.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət Həsənova 20 Yanvar faciəsinin dəhşətlərindən danışdı. Dedi ki, Azərbaycan xalqı o dövrdə keçmiş SSRİ rəhbərliyinin xəyanətkar siyasətinə, haqsızlığına, respublikaya başçılıq edən bacarıqsız şəxslərə qarşı etiraz etmiş, öz azadlığının və müstəqilliyinin müdafiəsinə qalxaraq küçələrə axışmış, dinc etiraz mitinqləri, piketlər keçirməyə başlamışdır. Bu, tarixdə misli görünməmiş kütləvi qəhrəmanlıq idi. Bundan vahiməyə düşənlərin təhriki ilə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan xalqına qarşı tarixi cinayət törədilmişdir. Bu haqsızlığa qarşı ilk siyasi bəyanatı Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev vermişdir. Ulu öndərimizin ailə üzvləri ilə birlikdə həyatını təhlükədə qoyaraq belə bir addım atması əsl vətəndaşlıq, liderlik şücaəti idi. 20 Yanvar faciəsi zaman etibarilə bizdən uzaqlaşsa da, hadisədə şəhid olan qəhrəman övladlarımızın xatirəsi xalqımızın qəlbində daha möhtəşəm yer tutur. Onlar haqqında yeni-yeni sənət əsərləri yaradılır, kitablar yazılır, tamaşalar qoyulur. Bu, şəhidlərimizə ümumxalq məhəbbətinin tərənnümüdür. Yeni Azərbaycan Partiyasının yerli strukturları da şəhid ailələri ilə təmasda olmağı, onlara mənəvi dayaq durmağı, problemləri ilə maraqlanmağı özünə borc bilir.
Göstərilən diqqətə görə minnətdarlıqlarını bildirən şəhid ailələrinin nümayəndələri əminliklə dedilər ki, şəhidlərimizin əziz xatirəsi əbədiyyətə qədər uca tutulacaqdır. Çıxış edənlər hadisənin ildönümü ilə əlaqədar YAP Nəsimi rayon təşkilatı adından şəhid ailələrinin evlərinə maddi yardım göndərilməsindən razılıq etdilər.