İQTİSADİYYAT
YARIM İL ƏRZİNDƏ AVROPADA DÖVRİYYƏDƏN 250 MİN SAXTA AVRO BANKNOTU GÖTÜRÜLMÜŞDÜR
Avropa Birliyinin bir sıra ölkələrinin polis xidmətləri avro əskinaslarının saxtalaşdırılması hallarının artması ilə əlaqədar olaraq, avropalıları daha yüksək sayıqlıq göstərməyə çağırmışlar. Belə ki, 6 ay ərzində Avropa Mərkəzi Bankı dövriyyədən 250 min 534 saxta banknot çıxarmışdır. AB ölkələrinin hüquq-mühafizə orqanlarının nümayəndələri bildirirlər ki, saxta avrolar ən çox yay aylarında, məzuniyyət mövsümü zamanı müsadirə olunur.
Saxta pulkəsənlər, ilk növbədə, 50 avroluq banknotlar hazırlamağa calışırlar. Hər 10 saxta əskinasın 6-sı bu “əllilik”lərin “payına” düşür.”Bu “reytinqdə” ikinci yeri 20 avroluq banknotlar tutur. 2002-ci il yanvarın 1-də avrolar dövriyyəyə buraxıldığı zaman mütəxəssislər iddia edırdilər ki, avro əskinaslarını saxtalaşdırmaq qeyri-mümkündür. Çünki onlarda bir neçə qorunma dərəcəsi var. Lakin surətçıxarma texnikasının son nailiyyətləri və hər yerdə hökm sürən diqqətsizlik bu növ cinayətkar fəaliyyətin artmasına səbəb olmuşdur.