CƏMİYYƏT
Yanğının qarşısını almaq üçün tədbirlər görülür
Bakı, 6 iyul, AZƏRTAC
Lənkəran rayonu, Balıqçılar qəsəbəsindəki taxıl zəmisində başlayan və külək nəticəsində Qızılağac milli parkının ərazisinə keçən yanğın davam edir.
Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 60-dan artıq əməkdaşı, 4 yanğınsöndürən maşın, əlavə texnika və yerli sakinlər cəlb edilib.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində mümkün olan bütün vasitələrdən istifadə olunur, o cümlədən cəlb olunmuş əlavə texnikanın köməyi ilə küləyin istiqaməti üzrə ətraf sahələrin şumlanması həyata keçirilir.
İlkin hesablamalara görə, yanğın təxminən 7 hektar ərazini əhatə edir, əsasən kol-kos və quru ot örtüyü, qamışlıq sahə yanır. ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkürünü bildirir və xüsusilə vurğulayır ki, bu dəfə olduğu kimi, yanğın hadisələrinin əksəriyyəti vətəndaşların ehtiyatsızlığı və etinasızlığı səbəbindən baş verir.
Ona görə də nazirlik bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, biçin zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, biçilmiş sahələrə od vurmamağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa çağırır.