DÜNYA
Yaponiya, ABŞ və Cənubi Koreya Şimali Koreyanın təhdidləri fonunda sualtı qayıqlara qarşı təlimlər keçirirlər
Tokio, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da Yaponiya, ABŞ və Cənubi Koreya Şimali Koreyanın sualtı qayıqlarından buraxılan ballistik raketlərin yaratdığı təhdidlərə qarşı Yapon dənizində son beş ildə ilk dəfə sualtı qayıqlara qarşı təlimlər keçiriblər.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, birgünlük üçtərəfli təlimlər Şimali Koreyanın sentyabrın 25, 28 və 29-da Yapon dənizi istiqamətində buraxdığı ballistik raketlərin yaratdığı böyük gərginlik fonunda təşkil edilib.
Xatırladaq ki, ilk belə təlimlər ABŞ tərəfindən 2017-ci ildə təşkil olunub və sualtı qayıqları izləmək məqsədi daşıyıb.
Agentliyin Cənubi Koreyanın hərbi-dəniz qüvvələrinə istinadla yaydığı bəyanatda bildirilir ki, təlimlər Şimali Koreyanın sualtı qayıqlarından buraxılan yaxın mənzilli ballistik raketlərdən müdafiəni gücləndirmək məqsədilə keçirilib.
Təlimlərə ABŞ-ın “Ronald Reagan” aviadaşıyıcı gəmisi, Cənubi Koreyanın “Munmu the Great” və Yaponiyanın “Asahi” esmines gəmiləri qatılıb.
Qeyd edilir ki, təlimlər ABŞ vitse-prezidenti Kamala Harrisin Cənubi Koreyaya birgünlük səfərindən dərhal sonra keçirilib. Həmin səfər zamanı vitse-prezident Şimali Koreya tərəfindən təxribatların qarşısını almaq üçün üçtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio