DÜNYA
Yaponiya hökuməti Aİ ilə azad ticarət zonası barədə razılaşmanın ratifikasiyasına başlayıb
Tokio, 6 noyabr, AZƏRTAC
Yaponiya hökuməti Avropa İttifaqı (Aİ) ilə nəhəng ikitərəfli azad ticarət zonasının yaradılmasını nəzərdə tutan İqtisadi Tərəfdaşlıq barədə Razılaşma ilə əlaqədar qanun layihəsinin ratifikasiyasını təsdiq edib.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin noyabrın 6-da keçirilən iclasında qəbul olunub.
Qanun layihəsinin Yaponiya parlamentinin cari sessiyasında qəbul ediləcəyi gözlənilir. Əgər Yaponiya və Aİ ratifikasiya prosesini cari ilin sonunadək başa vursalar, bu halda razılaşma 2019-cu il fevralın 1-də qüvvəyə minəcək.
Oktyabrın 23-də Tokioda keçirilən mətbuat konfransı zamanı Avropa Komissiyasının məşğulluq, iqtisadi inkişaf və rəqabətqabiliyyətlilik üzrə vitse-prezidenti Yurki Kataynen bildirmişdi ki, Aİ bu sənədin qəbulunu cari ilin sonunadək yekunlaşdırmağı planlaşdırır. Onun sözlərinə görə, sənəd Avropa parlamenti tərəfindən dekabrın 12-də ratifikasiya, dekabrın 20-də keçiriləcək Aİ liderlərinin görüşü zamanı isə təsdiq ediləcək.
Xatırladaq ki, İqtisadi Tərəfdaşlıq barədə Müqavilə iyulun 17-də Tokioda Aİ-nin rəhbəri Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Yaponiyanın Baş naziri Şinzo Abe tərəfindən imzalanıb. Təqribən 600 milyon insanı əhatə edən azad ticarət zonasının yaradılacağı təqdirdə, Tokio Aİ ölkələrindən gələn əmtəələrin 94 faizinə rüsumları ləğv edəcək. Aİ isə öz tərəfindən Yaponiyadan ixrac edilən əmtəələrə rüsumları ardıcıl şəkildə 99 faiz götürəcək və qarşıdakı 8 il ərzində avtomobillərin ixracına tarifləri tamamilə ləğv edəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio