DÜNYA
Yaponiya polisi xaricdən kiberhücumların artdığını təsdiqləyib
Tokio, 7 mart, AZƏRTAC
Yaponiya polisi 2018-ci il ərzində xaricdən haker hücumlarının əhəmiyyətli dərəcədə artdığını təsdiqləyib.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu hücumların 20,8 faizi Rusiya ərazisindən qeydə alınıb. Ötən il gün ərzində akkauntlara və informasiyalara orta hesabla 2752,8 qeyri-leqal giriş və həmçinin kiberhücum baş verib. Bu, 2017-ci illə müqayisədə 859,8 ədəd çoxdur. Rusiyadan əlavə, həmin hücumların əsasən Çin (14,1 faiz) və ABŞ-dan (12,6 faiz) edildiyi bildirilir.
Haker hücumları zamanı banklardakı hesablardan 461 milyon yen (4,1 milyon dollar) oğurlanıb. Həmin pulların köçürüldüyü hesabların 60 faizinin vyetnamlıların adı ilə əlaqəli olduğu qeyd edilir. Hakerlər tərəfindən oğurlanan kriptovalyutaların ümumi dəyəri isə 67,7 milyon yen (610 milyon dollar) təşkil edir. Polis tərəfindən 2018-ci ildə Yaponiyada ümumilikdə 169 dəfə kriptovalyuta oğurluğu qeydə alınıb.
“Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar Yaponiya hökuməti xüsusi əhəmiyyətə malik infrastruktur obyektlərinin kibertəhlükəsizliyinin təmin olunması üçün strateji plan hazırlayıb.
Xatırladaq ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio