DÜNYA
Yaponiya və Rusiya milli təhlükəsizlik sahəsində qarşılıqlı anlaşmanı dərinləşdiməyə çalışırlar
Tokio, 18 sentyabr, AZƏRTAC
Yaponiyanın Baş Naziri Şinzo Abe və Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün milli təhlükəsizlik sahəsində qarşılıqlı anlaşmanın əldə edilməsi istiqamətində səylərin artırılması barədə razılığa gəliblər.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu barədə razılaşma Ş.Abenin Rusiya Prezidentinin yaxın köməkçisi N.Patruşev arasında Tokioda keçirilən görüşü zamanı əldə edilib.
Qeyd edək ki, Rusiya tərəfi Yaponiyanın öz ərazisində “Aegis Ashore” raketdən müdafiə sistemlərinin yerləşdirilməsi barədə planından narahatdır.
Görüş zamanı Ş.Abe iki ölkə arasında milli təhlükəsizliklə bağlı əməkdaşlığın əhəmiyyətini qeyd edib.
N.Patruşev isə görüşdən sonra jurnalistlərə bildirib ki, o, iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün səylərini davam etdirəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio