DÜNYA
Yaponiyada topdan satış qiymətlər iki ay ərzində artmaqda davam edib
Tokio, 14 avqust, AZƏRTAC
Yaponiyada iyul ayında iqtisadi fəallığın artmasına baxmayaraq, topdansatış qiymətlərin iki ay ərzində artmaqda davam etdiyi müşahidə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Bankı məlumat yayıb. Bildirilir ki, iyulda topdansatış qiymətlər indeksi əvvəlki ayla müqayisədə 0,6 faiz artıb. Belə ki, iyulda həmin indeks 2015-ci ilin 100 baza səviyyəsinə nisbətdə 98,7 faiz təşkil edib. Buraya ötən il istehlakçı vergisinin artması da daxildir.
Bunun koronavirus pandemiyası nəticəsində tələbatın azalması səbəbindən xam neftin və metalın qiymətinin aşağı düşməsi və sonradan qalxması ilə əlaqədar olduğu bildirilir. Həmçinin kənd təsərrüfatı və balıqçılıq məhsullarının qiymətinin artdığı da qeyd edilir.
Bununla yanaşı, həmin indeksin ötən illə müqayisədə 2,4 faiz endiyi bildirilir.
Yaponiya Bankının rəsmi nümayəndələrinin bildirdiyinə görə, koronavirusun təsirinin azalmasına baxmayaraq, iqtisadi fəallığın müəyyən müddət ləngiyəcəyi gözlənilir. Bu məqsədlə iqtisadiyyat və qiymətlər sferasındakı tendensiyaların diqqətlə izləniləcəyi qeyd edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio