SİYASƏT
Yaponiyanın “Tokio FM” radiosunda Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
Tokio, 19 fevral, AZƏRTAC
Yaponiyanın “Tokio FM” radiosunda Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, verilişdə “Cross Border Club” şirkətinin meneceri, “World Investors” internet televiziyasını prodüseri Kazuyasu İşida Azərbaycan haqqında geniş məlumat verib. Son illər Azərbaycan və Yaponiya arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirib.
Veriliş zamanı K.İşida ötən ilin oktyabrında Bakıda təşkil olunan “Japan EXPO-2017” yapon məsulları sərgisi haqqında danışıb. Sərginin böyük maraqla qarşılandığını, ziyarətçi sayının gözləniləndən çox olduğunu bildirib. Qeyd edib ki, Yaponiyanın 60-dan çox şirkətinin 200-dək nümayəndəsinin qatıldığı sərgi iki ölkə arasında yalnız ticari-iqtisadi deyil, eyni zamanda, dostluq əlaqələrinin inkişafına da böyük təsir göstərib.
K.İşida müəllifi olduğu “Yaponların tanımadığı sürətlə inkişaf edən ölkə - Azərbaycan” və “Land of fire Azerbaijan” kitabları barədə də məlumat verib. Birinci kitabın yapon iş adamları üçün nəzərdə tutulduğunu, digərinin isə ölkəmizin görməli yerləri, mədəniyyəti, turizm imkanları haqqında olduğunu dinləyicilərin diqqətinə çatdırıb. Azərbaycana dəfələrlə səyahət etdiyini deyən K.İşida, Bakı şəhərinin gözəlliyinin ziyarətçiləri valeh etdiyini xüsusi vurğulayıb. Azərbaycan paytaxtının yalnız müasir tikililəri ilə deyil, eyni zamanda, tarixi abidələri ilə də diqqəti cəlb etdiyini vurğulayıb.
Veriliş barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məlumat verən K.İşida veriliş boyunca aparıcıların və dinləyicilərin ölkəmiz haqda çoxsaylı suallarını cavablandırdığını da deyib. Bildirib ki, bu, Yaponiyada Azərbaycana olan marağın gündən-günə daha da artdığını təsdiq edir.
Qeyd edək ki, veriliş yalnız Tokioda deyil, həmçinin Yaponiyanın Qunma, Nagano, İşikava kimi 15-dən çox böyük şəhərində də səsləndirilib.
Bir saat davam edən verilişin fevralın 22-də təkrar yayımlanması nəzərdə tutulur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio