DÜNYA
Yaponiyanın cənub-qərbində leysan yağışlar nəticəsində 18 nəfər həlak olub
Tokio, 9 iyul, AZƏRTAC
Yaponiyanın cənub-qərbində yerləşən Kyuşu adasında leysan yağışlar nəticəsində 18 nəfər həlak olub, 30 nəfər itkin düşüb, 570 nəfərin ətraf aləmlə əlaqəsi kəsilib. Bu barədə iyulun 9-da səhər NHK telekanalı məlumat yayıb.
Artıq neçə gündür ki, Kyuşu adasında daşqınlara və torpaq sürüşmələrinə səbəb olan leysan yağışlar davam edir.
Adanın şimalında yerləşən Fukuoka və Oiça prefekturalarında 2 minə yaxın insan hələ də təxliyə məntəqələrində yerləşib.
Telekanalın məlumatına görə bazar günü adada yağışlar yenidən güclənib. Bir çox rayonlarda yağıntının səviyyəsi saatda 54 millimetr təşkil edir. Meteoroloqlar yeni torpaq sürüşmələri və daşqınlar barədə xəbərdarlıq edirlər.
Yağışların güclənməsi bəzi rayonlarda axtarış-xilasetmə işlərində fasilələrin yaranmasına səbəb olub.
Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa mətbuat konfransında bəyan edib ki, hökumət vəziyyətin tezliklə aydınlaşdırılması və müvafiq qərarların qəbulu üçün var gücü ilə çalışır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio