ELM VƏ TƏHSİL
“Yaşıl məktəb” aksiyası davam edir: ayın sonunadək 3 mindən çox ting əkiləcək
Bakı, 22 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində “Yaşıl məktəb” aksiyası çərçivəsində yaşıllıq zolaqları salınır, ağaclar əkilir.
BŞTİ-dən AZƏRTA-a bildirilib ki, layihə çərçivəsində keçirilən tədbirlərdə məktəblərin pedaqoji kollektivi ilə yanaşı, şagirdlər də iştirak edirlər. Paytaxtdakı ümumtəhsil müəssisələrini əhatə edən yaşıllaşdırma tədbirləri çərçivəsində ağac əkini ilə yanaşı, mövcud yaşıllıqlara aqrotexniki qulluq da göstərilir.
Tədbirlərdə Azərbaycanda ətraf mühitin mühafizəsinə və ekoloji durumun yaxşılaşdırılmasına hər zaman böyük önəm verildiyi, aksiyanın məktəblilər arasında və cəmiyyətdə ekoloji mədəniyyəti yüksəltmək, təbiətə olan qayğı hissini təbliğ etmək baxımından çox faydalı olduğu vurğulanıb.
“Yaşıl məktəb” aksiyası çərçivəsində aprelin sonunadək BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin ərazisində 3000-dən çox tingin əkilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Yaşıl məktəb” aksiyasına Təhsil Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 8-dən start verib.
“Yaşıl məktəb” aksiyasının məqsədi ətraf mühitin qorunması, şagirdlərdə təbiətə qayğı hissini, ekoloji mədəniyyəti inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdan ibarətdir.