REGİONLAR
Yay məktəbinin iştirakçıları Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
Gəncə, 26 iyul, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün keçirilən “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları Gəncədə erməni terroru nəticəsində çoxsaylı din sakinin öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq erməni terroru nəticəsində dağıdılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər.
Bildirilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.
Aqrar İnkişaf Könülləri(AİK) təşkilatının mətbuat xidmətinin əməkdaşı Rauf Şirinov jurnalistlərə müsahibəsində Gəncə hadisələrinin Xocalı soyqırımına bənzədib: Burda 2-3 yaşlı uşaqlar, onların valideynləri şəhid olub. Bunları düşündükcə həqiqətən insan öz hisslərini cilovlaya bilmir. Döyüş cəbhədə olmalıdır, səngərdə olmalıdır silahsız insana qarşı döyüş olmur, ancaq neynəyək ki, igidlərimizə qarşı döyüşə bilməyən düşmən mülki əhalini hədəf seçdi.
Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc sakinin qətlə yetirilməsi məqsədi daşıyıb. Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.