İDMAN
Yekaterina Çuykina: Milli Gimnastika Arenasında gözəl ab-hava hökm sürür
Bakı, 15 mart, AZƏRTAC
İlk dəfədir ki, Bakıda təşkil olunan turnirdə iştirak edirəm. Dünya kuboku yarışları yüksək səviyyədə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında çıxış edən qazaxıstanlı Yekaterina Çuykina deyib.
Gimnast qeyd edib: “Bakıda məni yüksək qonaqpərvərliklə qarşıladılar. Azarkeşlər də möhtəşəmdir. Milli Gimnastika Arenasında gözəl ab-hava hökm sürür. Ümid edirəm ki, Bakıda mükafatçılar arasında yer alacağam”.
Dünya kuboku yarışları “Tokio 2020” Yay Olimpiya Oyunlarında iştirak etmək istəyən idmançılar üçün mühüm əhəmiyyət daşıyır. Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda mübarizəyə 121 kişi və 49 qadın idman gimnastı qoşulub. Turnirə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatının medalçıları qatılıblar.
Mötəbər turnirə martın 17-də yekun vurulacaq.