ELM VƏ TƏHSİL
Yeni nəşr: “Mifin tarixə müdaxiləsi: 21 dekabr 2012-ci il”
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin elmi katibi, Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayevin “Mifin tarixə müdaxiləsi: 21 dekabr 2012-ci il” kitabı çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitabda müəllifin folklorun müxtəlif aktual mövzularına həsr olunmuş məqalələri toplanıb. Müəllif “Mifin tarixə müdaxiləsi: 21 dekabr 2012-ci il” məqaləsində həmin tarixdə dünyanın dağılması ilə bağlı yayılan qlobal inancları tədqiqat obyekti kimi diqqət mərkəzinə gətirib, folklorun dinamik, kollektiv və prosessual təbiətli sosial-mədəni hadisə olmasını konkret faktlar əsasında araşdırıb. Psixoanalitik metodla aparılan tədqiqatlar nəticəsində müəllif belə qənaətə gəlib ki, elmi şəkildə təkziblərə baxmayaraq, bu inancların yayılmaqda davam etməsinin səbəbi sözügedən “tarix” vasitəsilə tanataloji qorxuların (fərdi ölüm qorxularının) kollektiv ifa üçün münbit şərait əldə etməsi olub. Beləliklə, müəyyən edilib ki, bu ərəfədə dünyanın dağılması ilə bağlı inancların yayılmasında təkanverici emosiya fərdlərin ölüm qorxusu, həmin emosiyanın kollektiv dildə ifasının təminedicisi kimi isə ayrı-ayrı mədəniyyətlərdə mövcud olan oxşar ənənəvi metaforalar olub.
Nəşrdə, həmçinin “Yuxular fərdi kollektiv simvollar sistemi ilə əlaqələndirən psixokulturoloji proses kimi”, “Nağıllarda şah-vəzir münasibətləri əkizlər mif modelinin təzahürü kimi”, “Əkizlər mif modeli kontekstində Qırat və Dürat”, “Psixoloji arxetiplərin mədəni arxetiplərə transformasiyası: İblis obrazının mifik semantikası (H.Cavidin “İblis” faciəsi əsasında)”, “Basatın Təpəgözü öldürdüyü boy”un ritual-mifoloji semantikası”, “Tanrı-Erlik qarşıdurması kontekstində triksterin davranış modelləri”, “Qəhrəman arxetipinin alp və aşiq funksionerləri: Qazan və Kərəm” və digər məqalələr yer alıb.