DÜNYA
Yens Stoltenberq: Avropa İttifaqı müdafiə məsələlərində NATO ilə rəqabətə girməməlidir
Bakı, 7 fevral, AZƏRTAC
Avropa İttifaqı müdafiə məsələlərində NATO ilə rəqabətə girməməli və birtərəfli addımlar atmamalıdır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq “Funke” media qrupuna müsahibəsində deyib.
“Avropanın təhlükəsizliyi transatlantik münasibətlərdən keçir. Avropa İttifaqı heç bir halda təkbaşına fəaliyyət göstərəcəyi barədə siqnal verməməlidir. Mən Avropa İttifaqına inanıram, lakin NATO-ya alternativ kimi yox”, - deyə baş katib bildirib.
Bununla yanaşı, Stoltenberq hərbi sahədə bütün Avropa səylərini, o cümlədən müdafiə layihələrini maliyyələşdirəcək fond yaratmaq barədə planları alqışladığını vurğulayıb. Lakin alyansın baş katibi hesab edir ki, “bunun NATO-ya rəqabət üçün deyil, onun tamamlayıcı elementi olması vacibdir”.