SİYASƏT
ZAUR ADIĞÖZƏLOVUN ÇIXIŞI
Çox təəssüflər olsun ki, 1988-1993-cü illərdə cənab Heydər Əliyev Azərbaycana rəhbərlik etməmişdir. O dövrdə Azərbaycan xalqına rəhbərlik edən “şəxslər” vətəndaş müharibəsinin, qardaş qırğınının, Dağlıq Qarabağ probleminin yaranmasına rəvac verdilər. Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə durmuşdu. Biz gənclər o dövrü çox gözəl xatırlayırıq. Biz bir daha o mühitin abu-havası ilə yaşamaq istəmirik. Biz ölkəmizə siyasi plüralizm, azad söz, demokratiya və azad fikir bəxs edən cənab Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanda yaşamaq istəyirik. Məhz buna görə də Azərbaycan gəncliyi öz yolunu seçibdir.
Çox sevindirici haldır ki, ayrı-ayrı gənclər təşkilatlarının, idman, mədəniyyət, təhsil və digər sahələrdə çalışan gənclərin iştirakı ilə “GƏNCLİYİN SEÇİMİ - HEYDƏR ƏLİYEV” hərəkatını yaratmışıq. Hesab edirəm ki, yaratdığımız hərəkat bundan sonra uzun müddət yaşayacaq və davam edəcəkdir. Amma qarşımızda duran əsas məqsəd növbəti prezident seçkilərində cənab Heydər Əliyevin ətrafında sıx birləşmək, onun namizədliyini dəstəkləməkdir. Məhz buna görə də biz bir araya gəlmişik, təbliğat-təşviqat kampaniyasında yaxından iştirak edəcəyik. Namizədimizi - cənab Heydər Əliyevi dəstəkləyən bütün qurumlarla yaxından əməkdaşlıq edəcəyik və fəaliyyətimizi birgə davam etdirəcəyik. Mən sizin hamınıza təşəkkür edirəm.