REGİONLAR
Zaqatalada ilin birinci yarısında aqrar sahədə məhsul istehsalı 11,9 faiz artıb
Zaqatala, 3 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin birinci yarısında Zaqatala rayonunda iqtisadiyyatın əsas sahələri üzrə 194 milyon 170,6 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu ilin yanvar-iyun aylarında rayonda 89 milyon 895,4 min manatlıq sənaye, 59 milyon 275,3 min manatlıq kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq məhsulları istehsal edilib, 8 milyon 509,6 min manatlıq tikinti işləri görülüb. Sənayedə məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 milyon 530,9 min manat və ya 39,7 faiz, aqrar sahədə 6 milyon 303,4 min manat və ya 11,9 faiz, tikintidə isə 4 milyon 508,3 min manat və ya 2,1 dəfə artıb. Sənaye sahəsi üzrə məhsul buraxılışının 4,1 faizi dövlət, 95,9 faizi qeyri-dövlət sektorunun payına düşür.
Bu ilin birinci yarısında rayonda adambaşına düşən məhsul buraxılışı 1479,5 manat təşkil edib. Rayonda əsas kapitala 9 milyon 997,2 min manat investisiya yönəldilib. İnvestisiyanın 8 milyon 509,6 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib.