CƏMİYYƏT
Zəngilan, Abşeron və Qubadlı rayonundan olan şəhid və qazi ailələri ilə görüş olub
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İctimai Birliyi İdarə Heyətinin sədri və “Bakı Tekstil” Fabrikinin təsisçisi Səkinə Babayeva, AQSİA-nın Regionlarla işin təşkili komissiyasının rəhbəri Kəmalə Məmmədli, Milli Məclisin deputatı Qənirə Paşayeva Zəngilan, Abşeron və Qubadlı rayon icra hakimiyyətlərinin başçıları ilə görüşüb, şəhid və qazi ailələrinin problemləri, sağlamlıqları ilə maraqlanıb, müxtəlif mövzuları müzakirə ediblər.
AQSİA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə qazi və şəhid ailələrinin diqqət mərkəzində saxlanmalarının vacibliyi, ehtiyacları, tibbi, ərzaq, geyim, təhsil, iş yerləri, sosial problemlərinin operativ şəkildə aradan qaldırılması müzakirə olunub.
Vətənimizin sərhədlərinin təhlükəsizliyini canları bahasına qoruyan, rayonlarımızda xidmət edən əsgərlər üçün “Bakı Tekstil” Fabriki və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Avrasiya Araşdırmalar Mərkəzi sovqat hazırlayıb.
Görüş zamanı “Bakı Tekstil” Fabriki və AQSİA-nın İctimai Birliyinin birgə hazırladıqları sovqatlar həmin rayonların ərazisində yaşayan qazi və şəhid ailələrinə çatdırılması üçün icra hakimiyyətinin məsul işçilərinə təhvil verilib.