İQTİSADİYYAT
"Elektron Hökumət" üzrə növbəti təlim Bakı Avropa Liseyində keçirilib
Bakı, 11 mart, AZƏRTAC
2015-ci il üçün təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, "Elektron Hökumət" portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Bakı Avropa Liseyində təhsil alan şagirdlərə "Elektron Hökumət” üzrə təlim keçirib.
Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, təlimdə ölkəmizdə İKT-nin inkişafı, "Elektron Hökumət" quruculuğu, "Elektron Hökumət" portalı, elektron xidmətlər, elektron imza, elektron sənəd barədə ətraflı məlumat verilib. Şagirdlərə gündəlik həyatda elektronlaşmanın rolu və əhəmiyyətindən danışılıb, ictimai xidmətlərin elektronlaşdırılmasının mahiyyəti izah edilib.
Sonra şagirdlərə "Elekton hökumət” portalı üzrə praktiki iş keçirilib. Müzakirələrdə aktiv iştirak edən şagirdlərə xüsusi hədiyyələr təqdim olunub.
Qeyd edək ki, təşkil olunan belə tədbirlərin əsas məqsədi gənc nəslə elektronlaşmanın mahiyyətini və üstünlüklərini izah etmək, "Elektron Hökumət" portalı barədə maarifləndirmə işləri aparmaq və gəncləri elektron xidmətlərdən daha aktiv şəkildə istifadəyə cəlb etməkdir.