SİYASƏT
"İdarəetmə qərarlarının qəbulunda informasiya sistemlərinin rolu" mövzusunda elmi-praktik konfrans keçirilmişdir
Bakı, 30 aprel (AZƏRTAC, Xatirə Cəfərova). Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ümummilli lider Heydər Әliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "İdarəetmə qərarlarının qəbulunda informasiya sistemlərinin rolu" mövzusunda respublika elmi-praktik konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov bu gün Azərbaycan Respublikasının sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu inkişaf yalnız kəmiyyət göstəricilərinin deyil, eyni zamanda, keyfiyyət göstəricilərinin artması ilə müşahidə olunur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd olunmuşdur ki, son illərdə həyata keçirilən Dövlət proqramları nəticəsində ölkəmizin ümumi daxili məhsulu artmışdır. Ümumi daxili məhsulun sərfiyyatının əsasında elmə əsaslanan yeniliklər durur.
Elmi-praktik konfransda DİA-nın kafedra müdiri Xatirə Hüseynova “Dövlət sektorunda idarəetmə qərarlarının qəbulunda mütərəqqi texnologiyaların tətbiqi xüsusiyyətləri” mövzusunda çıxış etmişdir. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü il fevralın 17-də təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” ölkəmizdə bu sahənin sürətli inkişafına güclü təkan vermişdir.
Diqqətə çatdırılmışdır ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) hazırda cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdəndir. Bu texnologiyaların tətbiqi dövlət və vətəndaş cəmiyyətinin strukturlarını, iqtisadi-sosial sahələri, bütövlükdə insanların həyat tərzini müəyyənləşdirir. İKT-nin formalaşmasında müəyyən biliklər tələb olunur. Bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında, mövcud problemlərin həllində tutarlı vasitələrdəndir.
Dövlət Gömrük Komitəsinin statistika və informasiya texnologiyaları baş idarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev dövlət təşkilatlarında innovasiya layihələrinin tətbiqindən, mərhələlərlə həyata keçirilən bu layihələrin idarə olunması prinsiplərindən, bu sahədə mövcud problemlərdən bəhs etmişdir.
Energetika Nazirliyinin Dövlət və beynəlxalq proqramlara nəzarət departamentinin rəhbəri Məhəbbət Məmmədov “Enerji sektorunun idarə edilməsində proqram məqsədli metodun səmərəliliyi” mövzusunda məruzəsində qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatının inkişafının ana xəttini ölkəmizin enerji sektoru təşkil edir.
Konfransda İKT-nin iqtisadi inkişafa təsirindən və inkişaf perspektivlərindən, bank göstəricilərinin klaster modelinin qərar qəbulunda rolundan, qeyri-müəyyənlik şəraitində bank risklərinin modelləşdirilməsindən danışılmışdır. Eyni zamanda, Azərbaycanda bələdiyyə idarəetməsinin təkmilləşdirilməsi və onun gələcək inkişafı, idarəetmə qərarlarının iqtisadi əsasları, bu qərarların qəbulunun spesifik xüsusiyyətləri barədə məlumat verilmiş, mövzu ilə bağlı müzakirələr aparılmışdır.