DÜNYA
"Xiaomi"nin dövriyyəsi 52,6 faiz çoxalıb
Pekin, 20 mart, AZƏRTAC
Çinin nəhəng texnologiya və məişət avadanlığı istehsal edən "Xiaomi" (Siaomi) şirkətinin dövriyyəsi ötən il 52,6 faiz artaraq, 174,9 milyard yuana (26 milyard ABŞ dolları) çatıb.
AZƏRTAC şirkətin məlumatına istinadla xəbər verir ki, belə ciddi artıma şirkətin smartfon satışlarının çoxalması və məişət avadanlığı bazarında iştirakının genişlənməsi səbəb olub.
Ötən il şirkətin xarici dövriyyəsi də əhəmiyyətli dərəcədə - 118 faiz çoxalaraq 10,4 milyard dollara çatıb. Bu, ümumi dövriyyənin təxminən 40 faizidir. Ötən il üzrə xalis gəlir 2 milyard dollardan çox olub.
Bildirilir ki, "Xiaomi" keçən il 118,7 milyon ədəd smartfon istehsal edərək satıb.
Şirkətin İdarə Heyətinin sədri Ley Cun deyib ki, "Xiaomi" daxili və xarici bazarlarda mövqelərinin daha da yaxşılaşdırılması üçün növbəti 5 ildə süni zəka texnologiyasına 1,5 milyard dollar sərmayə yatırmağı planlaşdırıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin