MƏDƏNİYYƏT
"Qafqaz Baku City Hotel & Residences" mehmanxanası Azərbaycan Konqreslər Bürosuna üzv olmuşdur
Bakı, 11 dekabr (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyi və yerli sənaye şirkətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri olan, yeni yaranmış Azərbaycan Konqreslər Bürosunun başlıca məqsədi ölkəmizi beynəlxalq biznes, konfrans, görüş və mərasimlərin keçiriləcəyi mərkəz kimi təbliğ etməkdir.
Bu məqsədlə Azərbaycan Konqreslər Bürosu müxtəlif görüş və tədbirlərin keçirilmə yerləri, auksion və marketinq məsələləri, dövlət qurumları, sənaye təchizatçıları ilə əlaqələr haqqında məlumat və düzgün istiqamət verir.
"Fairmont Baku", "Four Seasons Hotel Baku", "Hilton Baku", "Hyatt Regency Baku", "Jumeirah Bilgah Beach Hotel", "JW Marriott Absheron Hotel", "Kempinski Hotel Badamdar", "Ramada Baku" kimi 8 beynəlxalq brend mehmanxanaları, "ENC Tours", "Millennium Tourism & Congress DMC", "Fun Travel" turizm şirkətləri Azərbaycan Konqreslər Bürosunun üzvüdürlər.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, daha bir qurum - "Qafqaz Baku City Hotel & Residences" mehmanxanası Azərbaycan Konqreslər Bürosuna üzv olmuşdur.
Bununla da Azərbaycan Konqreslər Bürosunun üzvlərinin sayı 12-yə çatmışdır.
"Qafqaz Baku City Hotel & Residences" mehmanxanası Azərbaycanın yerli brend mehmanxanalarındandır və Bakı şəhərinə biznes və kommersiya məqsədi ilə səfər edən qonaqlar üçün əlverişli yerdə yerləşir. Müştərilərə ən yüksək səviyyədə xidmət göstərən "Qafqaz Baku City Hotel & Residences" mehmanxanası beynəlxalq standartlara cavab verən 316 müasir otaq və 9 rezidensiyadan ibarətdir.