İQTİSADİYYAT
"Сaspian European Club" "New Year Party" təşkil edəcək
Bakı, 26 noyabr, AZƏRTAC
"Caspian European Club" 2018-ci il dekabrın 19-da Bakıda "New Year Party" keçirəcək.
Bu barədə AZƏRTAC-a "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Yeni il gecəsi çərçivəsində Beynəlxalq "Caspian Business Award 2018" mükafatının təqdimetmə mərasimi təşkil olunacaq. Mükafat cari ildə Azərbaycanda, həmçinin digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində iqtisadiyyatın və biznesin inkişafına mühüm töhfə vermiş şirkətlərə təqdim olunacaq.
Tədbirdə fəxri qonaq qismində dövlət qurumlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların nümayəndələrinin iştirakı gözlənilir.
"New Year Party" musiqili-əyləncəli proqram və maraqlı viktorinalar ilə müşayiət olunacaq.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club" 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və "Caspian Energy International Media Group"un fəal iştirakı ilə yaradılıb.
2016-cı il dekabrın 24-də "Caspian American Club", 2018-ci il yanvarın 26-da "Caspian Asian Club" təsis olunub. Hər iki təşkilat 2 il ərzində "Caspian European Club"un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. "Caspian European Club"a daxil olan bütün şirkətlər avtomatik qaydada "Caspian American Club" və "Caspian Asian Club"un, "Caspian American Club" və "Caspian Asian Club"a daxil olanlar isə "Caspian European Club"un üzvü hesab olunurlar.