ABŞ BEYNƏLXALQ İNKİŞAF AGENTLİYİ SERTİFİKATLAŞDIRILMIŞ BEYNƏLXALQ PEŞƏKAR MÜHASİB PROQRAMINI YERLİ TƏRƏFDAŞLARINA HƏVALƏ EDİR
AZƏRTAC xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) “Maliyyə sektorunun inkişafı vasitəsilə kiçik və orta sahibkarlara dəstək” layihəsinin Azərbaycanda həyata keçirdiyi Sertifikatlaşdırılmış Beynəlxalq Peşəkar Mühasib (CİPA) Proqramı çərçivəsində imtahanlardan müvəffəqiyyətlə keçmiş iki iştirakçıya iyunun 5-də “Respublika” mehmanxanasında sertifikat təqdim edilmişdir.
Tədbirdə bildirilmişdir ki, CİPA Proqramı dünya miqyasında tanınan, Beynəlxalq Mühasiblər Federasiyasının standartlarına cavab verən, rus dilində tədris edilən mühasibat uçotu üzrə sertifikatlaşdırma proqramıdır. Proqramın məqsədi keçmiş Sovet İttifaqı respublikalarının bir çoxunda mühasiblərin peşəkar səviyyəsini artırmaqdır. Hazırda CİPA Proqramı, Azərbaycan da daxil olmaqla, 11 ölkədə həyata keçirilir.
Layihə CİPA Proqramını Azərbaycanda daha geniş yaymaq, daha çox mühasibi bu proqramda iştirak etməyə və Beynəlxalq Mühasibat Uçotu Standartlarına (BMUS) müvafiq sertifikatları almağa həvəsləndirmək məqsədi ilə həyata keçirilir. Ölkədə CİPA Proqramı çərçivəsində 170 mühasib üçün təlimlər keçirilmiş, imtahanlarda sonra 11 yerli mühasib ilkin səviyyəli CAP sertifikatı almışdır.
Layihənin CİPA Proqramı üzrə əlaqələndiricisi Xəyal Quliyev “CİPA Azərbaycanda: keçmişi, bu günü, gələcəyi” mövzusunda məruzə etmiş və proqramın yerli təşkilatlara ötürülməsi planlarını açıqlamışdır.
Sonda proqramın 2 yeni iştirakçısına CAP sertifikatı təqdim edilmiş, bu yaxınlarda bütün imtahanları müvəffəqiyyətlə keçmiş daha üç mühasibin adı açıqlanmışdır.